BMU-İNHA İDP tələbəsi ölkəmizin mədəni irsini xarici auditoriyaya təqdim edib

24 Noyabr 2025
BMU-İNHA İDP tələbəsi ölkəmizin mədəni irsini xarici auditoriyaya təqdim edib

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) “Elektronika mühəndisliyi” ixtisası üzrə tələbəsi Günay Nuruyeva Cənubi Koreyada keçirilən “Kitabi-Dədə Qorqud” dastanının təqdimat mərasimində ölkəmizi layiqincə təmsil edib.

Tədbir zamanı milli rəqsimizi ifa edərək ölkəmizin zəngin mədəni irsini xarici auditoriyaya çatdıran İDP tələbəsinin çıxışı tədbirin ən yaddaqalan hissələrindən biri olub. Milli rəqsin dinamik və peşəkar ifası tədbir iştirakçılarının böyük marağına səbəb olmaqla yanaşı, Azərbaycan mədəniyyətinə yüksək rəğbət doğurub.

Cənubi Koreyada yerli dildə nəşr olunmuş “Kitabi-Dədə Qorqud” dastanının 6 boyundan ibarət kitabın növbəti təqdimatı Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin ofisinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) dəstəyi ilə gerçəkləşib.

Bu ölkənin parlamentinin binasında baş tutan tədbirdə Koreyadakı səfirimiz Ramin Həsənov, parlamentlərarası dostluq qrupunun sədri Li Man Hi və ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev çıxış ediblər.

Tədbirdə Koreya Milli Assambleyasının deputatları və əməkdaşları, elmi-mədəni dairələr və kütləvi informasiya vasitələrinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik missiyaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun fəalları iştirak ediblər. Dastanın Koreya dilində işıq üzü görməsi Azərbaycan mədəni irsinin beynəlxalq aləmdə daha geniş tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər