Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsində qış imtahan sessiyasına hazırlıq məqsədilə birinci kurs tələbələri ilə görüş təşkil olunub.
Görüşdə fakültənin dekanı Asif Quliyev çıxış edərək tələbələri sessiya ilə bağlı vacib məqamlar barədə məlumatlandırıb. O, BMU-nun Pekin Kimya Texnologiya Universiteti ilə həyata keçirdiyi ikili diplom proqramı haqqında danışaraq tələbələri bu proqramda iştirak üçün tələb olunan kriteriyalara cavab verməyə çağırıb. Bildirib ki, beynəlxalq təcrübə onların peşəkar inkişafı üçün böyük üstünlüklər yaradır.
Görüşdə, həmçinin dərs prosesində, eləcə də imtahan mərhələsində nizam-intizam qaydalarına riayət etməyin önəmi diqqətə çatdırılıb, qış imtahan sessiyasının təşkili, imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi üçün yaradılan şərait barədə informasiyalar təqdim edilib.
Görüş zamanı tələbələrin biliklərinin qiymətləndirilməsi mexanizmləri, cavab kağızlarının düzgün doldurulması qaydaları, təkrar imtahanların keçirilməsi ilə bağlı mövzular da izah olunub.
Sonda tələbələrin sualları cavablandırılıb və imtahan sessiyası ilə bağlı tövsiyələr verilib.
İctimaiyyətlə əlaqələr şöbəsi